100 il! Azərbaycan futbolu tarixindən maraqlı faktlar


Azərbaycanda ilk futbol klubları 1905-ci ildə yaranıb. Bu komandalar əsasən Bakının iri neft sənayesi şirkətlərini təmsil edirdilər. İlk rəsmi çempionat Bakıda 1911-ci ildə keçirilib, qalib isə İngiltərə Neft Şirkətinin “Britaniya Klubu” komandası olub. 1912-ci ildə “Bakı” komandası Tbilisidə “Sokol” komandasına qarşı ilk beynəlxalq oyununu keçirib və 4:2 hesabı ilə qalib gəlib.

Azərbaycanın futbol yığması özünün ilk yoldaşlıq oyunlarını 1929-cu ildə Tehranda İran yığmasına qarşı keçirib və həmin oyunlarda 4:0, 4:1 və 11:0 hesabı ilə üç böyük qələbə qazanıb.

Sovet dövrü

1966-cı il Azərbaycan futbolunun tarixinə qızıl hərflərlə yazılıb. Bakının “Neftçi” komandası SSRİ çempionatında 3-cü yeri tutaraq bürünc medal qazanıb. 1966-cı ildə Bakı komandasının iki oyunçusu SSRİ yığmasının tərkibində İngiltərədə keçirilən dünya çempionatında iştirak edib. Onlardan biri – unudulmaz Anatoli Banişevski qol vurub. Qeyd edək ki, həmin dünya çempionatında sovet komandası ilk dəfə olaraq 4-cü yeri tutub. SSRİ-nin ilk yığmasında “Neftçi”nin 8 oyunçusu çıxış edib. Bu komandanın tərkibində onlar bir-birinin ardınca 76 oyun keçiriblər və 26 qol vurublar.

Təəssüf ki, Azərbaycanın heç bir futbol klubu SSRİ çempionatlarında əhəmiyyətli uğur qazana bilməyib. Lakin Azərbaycan dünya futboluna bir çox parlaq adlar bəxş edib. Onların arasında bir çox millətlərin nümayəndələri – hakimlər Tofiq Bəhramov və Eldar Əzimzadə, məşqçi Əhməd Ələsgərov, qapıçılar Sergey Kramarenko, Aleksandr Jidkov, oyunçular Ələkbər Məmmədov, Anatoli Banişevski, Yuri Kuznetsov, Kazbek Tuayev, İsgəndər Cavadov, Maşallah Əhmədov, Valeri Pançik (SSRİ-nin Olimpiya komandasının kapitanı), İqor Ponomaryov (1998-ci ildə Seul Olimpiadasının qızıl medalını qazanıb), Nazim Süleymanov, Vəli Qasımov və başqaları var.

Azərbaycan hakimlərinin töhfəsini xüsusi qeyd etmək istərdik.

Tofiq Bəhramov Nikolay Latoşevdən sonra futbol üzrə dünya çempionatında hakimlik edən ikinci sovet hakimi olub. Onun ən böyük uğuru 1966-cı il dünya çempionatında İngiltərə və Almaniya komandaları arasındakı final oyununda olub. O, oyunun yan xətt hakimi (baxmayaraq ki, meydanda da hakimlik edib) olub. Əsas vaxt heç-heçə – 2:2 hesabı ilə başa çatıb. Bu final mundialın bütün tarixi ərzində ən maraqlı və dramatik oyun olub. Münasibətləri aydınlaşdırmaq üçün 90 dəqiqə kifayət etməyib, iki layiqli rəqib əlavə yarım saat ərzində “Qızıl ilahə” uğrunda döyüşü davam etdiriblər. Oyunun 110-cu dəqiqəsində ingilis hücumçu Herst topu almanların qapısına göndərir. Top dirəyə dəyir, zərbədən sıçrayır və yerə düşərək almanlar tərəfindən küncə vurulur. Oyunun baş hakimi, aşkar şəkildə topun uçuş trayektoriyasının görməyən isveçrəli Dinst özünü itirir. Lakin dərhal oyunun bütün taleyini üzərinə götürəcək adamı tapır. Dinst özünün yan xətt köməkçisinə işarə edərək son sözün onun deyil, köməkçisi – sovet hakimi Bəhramovun olacağını göstərir. O isə bayrağı yellədərək mərkəzi göstərməklə İngiltərədə sevinc və Qərbi Almaniyada qəzəb doğurur. Almanlar onu əhatə edərək bu qərara etiraz edirlər, lakin Bəhramov fikrindən dönmür. Oyun davam edir, hakimin əlavə vaxtın bitdiyini bildirən fitinə az qalmış Herst bu oyun ərzində özünün üçüncü qolunu vurur. Oyun 4:2 hesabı ilə İngiltərənin xeyrinə başa çatır.

Oyundan sonra İngiltərə kraliçası Bəhramova “Qızıl fit” (həmin vaxtadək meydan hakimlərinə verilən mükafat) və “Qızıl ilahə”nin surətini verir. Bu gün yeni “Uembli” stadionunun muzey vitrinlərindən birində vüqarlı azərbaycanlının bürüncdən tökülmüş heykəli əbədi yerləşdirilib.
Tofiq Bəhramov Avropa kuboklarının finallarına hakimlik edən ilk sovet hakimi olub. 1972-ci ildə o, Argentinanın “İndependiente” və Niderlandın “Ayaks” komandaları arasında qitələrarası kubok oyununa hakimlik edib. 2004-cu il oktyabrın 14-də Bakıda dünya çempionatının seçmə oyunları çərçivəsində Azərbaycan və İngiltərə yığmalarının görüşü ərəfəsində indi məşhur hakimin adını daşıyan stadionun girişində futbol qarşısında xidmətlərinə hörmət əlaməti olaraq Bəhramovun abidəsi açılıb.

Digər məşhur hakim Eldar Əzimzadə 1980-ci ilin Olimpiya oyunlarında futbol turnirinin final oyununa rəhbərlik edib.

Ələkbər Məmmədov – dörd dəfə SSRİ çempionu, əməkdar idman ustası və əməkdar məşqçi adını qazanmış yeganə Azərbaycan futbolçusudur. Onun ən böyük uğuru 1955-ci ildə İtaliyada yerli çempion “Milan”ın qapısına bir oyunda vurduğu 4 qol qolub.

Anatoli Banişevski SSRİ çempionatında 136 qolun müəllifi olub. Banişevskinin SSRİ yığma komandasının 1966-cı ildə dünya çempionatında dördüncü yer və 1972-ci il Avropa birinciliyində gümüş medala layiq görülməsində xidməti böyükdür.

Yeni tarix

1992-ci ilin yazında respublika müstəqillik əldə etdikdən sonra Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) yaradıldı. O, 1994-cü ildə UEFA və FİFA-ya qəbul edildi. Həmin andan futbol üzrə Azərbaycanın milli yığması 1996-cı il Avropa çempionatının seçmə oyunlarında iştirak etməyə başlayıb.

Bütün respublikadan 26 komandanın iştirak etdiyi 1992-ci ilin ilk müstəqil çempionatını Bakının “Neftçi” komandası udub. İlk müstəqil çempionatın bombardiri 39 qolla “Xəzər” (Sumqayıt) komandasının oyunçusu Nazim Əliyev olub. Nazim 183 qolla indiyədək ölkə çempionatlarının ən yaxşı bombardiridir. Əvvəllər də Azərbaycan çempionatları ənənəvi sovet sistemi – yaz-payız üzrə keçirilib. 1993-cü ildə artıq onlar Avropada qəbul edilən payız-yaz sxemi üzrə keçirilir. 2008-ci ildə Azərbaycan çempionatının adı Premyer-Liqa adlandırılıb. Bu yarışda hər il 16 futbol klubu iştirak edir.

Azərbaycan Prezidenti İlham Əliyev 2005-ci ildə imzaladığı sərəncamla “2006-2015-ci illərdə Azərbaycanda futbolun inkişafı üzrə Dövlət Proqramı”nı təsdiq edib. Proqramın başlıca istiqamətlərindən biri uşaq futbolunun inkişafı üzrə tədbirlərin görülməsidir. Bununla əlaqədar respublikanın şəhər və rayonlarında 20 üstüörtülü idman meydançası tikilib. Ölkənin futbol klubları möhkəmləndirilir, maddi-texniki baza inkişaf edir. Klublardan çoxu stadion, məşq bazaları tikir.

Azərbaycanda ilk Futbol Akademiyası UEFA və AFFA-nın maliyyə dəstəyi ilə ölkədə uşaq futbolunun inkişafı məqsədilə tikilib. Akademiyanın rəsmi açılış mərasimi 2009-cu il fevralın 23-də FİFA İcraiyyə Komitəsinin üzvü, UEFA-nın vitse-prezidenti Şenes Erzik, FİFA-nın texniki direktoru Jan Mişel Benezit, AFFA prezidenti Rövnəq Abdullayev, Azərbaycanın gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, AFFA İcraiyyə Komitəsinin üzvləri, futbol veteranları və digər rəsmi şəxslərin iştirakı ilə keçirilib.

Bu gün Azərbaycan futbolunun 100 illiyi münasibətilə AFFA-nın Mərdəkanda tikdirdiyi futbol mərkəzində “Dalğa Arena” stadionunun və yardımçı meydançanın açılışı olub. Açılış mərasimində rəmzi lenti FİFA, UEFA və AFFA prezidentləri Jozef Blatter, Mişel Platini və Rövnəq Abdullayev kəsib. “Dalğa Arena” stadionunun tikintisi 2010-cu il aprelin 24-də başlayıb. O, 6500 tamaşaçı üçün nəzərdə tutulub.

Bakıda Böyük Şorda tikiləcək yeni stadionun tutumu isə 65 min yerlik olacaq. Layihə ilkin olaraq 300 milyon manat qiymətləndirilir.

Trend

Advertisements

Bir şərh yazın

Heç bir şərh yoxdur.

Comments RSS TrackBack Identifier URI

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma