“Səhər-2” Azərbaycanda inqilabi xidmət iddiasındadır

İran telekanalının fəaliyyəti ANS-in nəzər nöqtəsində…

İran İslam Respublikasının “Səhər-2” kanalının Azərbaycanla bağlı fəaliyyəti son vaxtlar daha ciddi araşdırma və təcili reaksiya tələb edir. Bu kanalın Azərbaycanla bağlı fəaliyyətindən sərt narazılıq ya İranın Azərbaycandakı səfirliyini dəvət etməklə ona verilməli, ya da Azərbaycanın Tehrandakı səfirliyi vasitəsilə İranın Xarici İşlər Nazirliyinə çatdırılmalıdır. Özü də bir dəfə yox, hər dəfə.

… Ümumiyyətlə yalanı kimin deməsindən asılı olmayaraq onun mahiyyəti dəyişilmir. Bütün hallarda onu danışanın ləyaqəti təhrif olunur, heysiyyəti kirlənir. Fərqi nədir ki, bu yalanı erməni danışır, fars danışır, yoxsa azərbaycanlı, …

Məsələn tutaq ki, ermənilərin özlərinin belə etiraf etdiyi bir cinayəti, Xocalı faciəsinin müəlliflik hüququnu sən öz millətinin üzvlərinin, azərbaycanlıların, Azərbaycan Xalq Cəbhəsinin ünvanına yazırsan. Buna görə sənə həqiqəti, gerçəyi arxa qapıdan yeritməli olurlar və hətta bundan sonra da etdiyin qələti, yediyin peyini etiraf etməyə üstündə, altında kişiliyə bənzər nəsə tapmırsan, ya da, bu yalan sənin yox, erməninin ağzından çıxır.

Düzdü, “Səhər-2” kanalı Xocalı faciəsində azərbaycanlı barmağı axtarmaq boyda binamusluğa yol vermir. Amma o da yalan danışır və bəzən bu yalanın üstünə qoyulmuş möhlətin nə qədər sürəcəyini də hesablamır.

Məsələn, “Səhər-2” kanalında çıxış edən qadına baxaq. Adı Südabədir. “Səhər-2”-nin az qala ilahiyyat alimi mərtəbəsinə qaldırdığı, rəy və mülahizələrindən səxavətlə bəhrələndiyi bu qadın, tez-tez efirə qoşulur və ekranın aşağı hissəsində də yazılır ki, o Lənkərandandır. Yəni, efirə guya Lənkərandan qoşulur. O son dəfə “Səhər-2” kanalının studiyasına qonaq çağrılmışdı.

İndi isə bu qadın haqqında bizim öyrəndiklərimiz. Yaxşısı budur, bunu onu yaxından tanıyan şəxsin, Lənkəran məscidinin axundu Hacı Sədi Axundzadənin dilindən eşidək:

“Bir qadın var. Mənim qonşu kəndimdəndir. Hacı Baratın qızı Südabə xanım. Özü-özünü müəllimə adlandırır. Dəfələrlə görmüşəm, yazılır: “Lənkərandan Südabə xanım”. Amma öyrənmişəm ki, o Məşhəddə olur. Övladı da Məşhəddə oxuyur. Allah salamat etsin. Son vaxtlar, təkrar-təkrar verilişlərdə Südabə adlı xanımı sanki bir dini rəhbər kimi, dini lider kimi çıxardırlar televiziyaya, bir saat müddətində camaata müraciətlər, çağırışlar edir. Görəsən o kimdir? Biz onu yaxşı tanıyırıq. Muxtarın gəlinidir. Yoldaşını da tanıyıram. Yoldaşının adı Alimdir. Özü 20 ilə yaxındır Məşhəddə yaşayır. Axı o burada yaşamadığı halda, buranın vəziyyətini əhvalatlarını niyə müzakirə edir. Dəfələrlə onun çıxışında eşitmişəm ki, deyir amerikalı, yəhudi bizi idarə edir. Hələ bizim qeyrətimizi əlimizdən almayıblar. Bizim canımızı, qeyrətimizi, dini hissiyatımızı əlimizdən alsalar, özümüz əsgər kimi döyüşə həmişə hazırıq”.

Deməli neçə vaxtdır ki, “Səhər-2” kanalına guya Lənkərandan zəng vuran bu qadın, əslində Məşhəddə yaşayırmış. Yaxşı, bir halda ki, adam Məşhəddə oturub və bilə-bilə ki, Lənkəranda onu tanıyanlar var, onlar bunun yalan olduğunu bilirlər … Və özü də bu yalanı ifşa edən hələ bizik, sadəcə biz, adi televiziya işçiləri … Azərbaycan isə oturuşmuş dövlətdir, onun peşəkar Milli Təhlükəsizlik Nazirliyi, bu nazirliyin kifayət qədər geniş imkanları var … Deməli, sabah bir başqa Südabənin Astarada yox, Həmədanda, ikinci bir Südabənin Biləsuvarda yox, Ərdəbildə olduğu aşkar olunacaq axı. Yəni, yaxın qonşumuz, dinbir, hətta yarıyadək dilbir qardaşımız İran Azərbaycana belə nifrət edir?

Hicab, çadra, niqab… Bütün bunları bir yana qoyaq, yəni, doğrudanmı İran hələ inanmır ki, bura “Zilli Sultan bura say!” şerini yazan Mirzə Ələkbər Sabirin, “Koroğlu” operasının müəllifi Üzeyir Hacəbəylinin, “Dəli yığıncağı”nı yaradan Cəlil Məmmədquluzadənin Vətənidir, Azərbaycandır! Və bizdə hələ də Muğdusi Akopun təknəsində palçıq qatdığına görə şəyirdinə lənət oxuyan Usta Zeynala bu gün də gülənlər var, çoxdur!

“Səhər-2” kanalının intonasiyası Sovet İttifaqının dağılması ərəfəsindəki “Azadlıq” və “Amerikanın səsi” radiostansiyalarının tonunu xatırladır. Amma heç də hər şey sonadək aydın deyil. Tutaq ki, Amerika Birləşmiş Ştatlarının məqsədi Sovet İttifaqını dağıtmaq idi, bəs İranın məqsədi nədir?

Əlbəttə, mən başa düşürəm ki, “Səhər-2” Azərbaycanı belə sabit, hətta darıxdırıcı, əsnək gətirəcək dərəcədə sabit görmək istəmir. Televiziyaçı dililə desək, ona maraqlı kadrlar lazımdır. O nüfuzlu “Əl-Cəzirə” kanalının ərəb inqilabları üçün etdiyi xidmətin eynisini Azərbaycana göstərmək iddiasındadır. Amma, axı bu kanal unudur ki, “Əl-Cəzirə” olanları göstərir, özü hadisə yaratmır və onun hər bir məlumatının arxasında kadr dayanır.

“Səhər-2” kanalının göstərdiyi həqiqət isə ən azı bir qadın boyda və bir qadın qədərindədir… Axı adam eyni dəqiqədə həm Məşhəddə, həm də Lənkəranda necə ola bilər? Tehran bazarlarında uçan süpürgə satmırlar axı? Sonda isə Südabə xanımla söhbət aparan bu ağadan bir sualıma cavab istəyirəm: “bu sizin öz saçınızdır, yoxsa, hicabdan danışanda, qarşı tərəflə vəziyyəti proporsionallaşdırmaq naminə başınıza qoyursunuz parik?”

Advertisements

Bir şərh yazın

Heç bir şərh yoxdur.

Comments RSS TrackBack Identifier URI

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma