Azərbaycanda internetdən kimlər və niyə istifadə edir?


“İnternet World Stats” araşdırmalarına əsaslansaq, hazırda Azərbaycanda əhalinin 44,4%-i, təxminən 3,7 milyon nəfər insan internet istifadəçisidir. Bu rəqəmin reallığa uyğunluğu sual doğursa da, internetdən istifadə edənlərin günbəgün artması günün gerçəkliyidir.

Bəs internetdən ən çox kimlər və nə üçün istifadə edir? İnternet insanların həyatına nə gətirir? İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı Rasim Mahmudov deyir ki, hər bir texnoloji yeniliyə olduğu kimi, internetə də gənclərin marağı daha çoxdur. Hər kəs öz intellektual səviyyəsinə, dünyagörüşü və maraq dairəsinə görə internetdən yararlanır: “Amma internet əsasən üç tələbatı ödəyir: kommunikativ – yəni insanlara ünsiyyət qurmaq, tanışlıq imkanı yaradır, informativ – təfəkkür tələbatı və ən çox gəncləri maraqlandıran əyləncə funksiyasını yerinə yetirir”.

Mahmudov onu da bildirdi ki, bizdən fərqli olaraq, Avropa və Amerikanın inkişaf etmiş ölkələrində insanlar internetdən daha çox elektron kommersiya, onlayn alğı-satqı üçün istifadə edirlər. Ancaq Azərbaycanda e-dövlət, e-kommersiya sahəsi formalaşmadığından internet daha çox əyləncə üçün istifadə olunur. Hər gün küçələrdə, divarlarda reklam olunan saytların adına nəzər salsaq, görərik ki, hamısı yükləmələr, tanışlıq, çat, əyləncə yönümlüdür. Bəzilərinin adları belə qeyri-etikdir.

“Gənclər internetdə nə ilə maraqlanır?” sualına cavab tapmaq üçün paytaxtdakı bir sıra internet-klublara üz tutduq. Bəlli oldu ki, yeniyetmələr daha çox oyunlara və gənclər isə tanışlıq səhifələrinə və çatlara, sosial şəbəkələrə meyillidir. Ekspert Rasim Mahmudovun fikrincə, bu, daha çox millətlərin mental xüsusiyyətlərinin göstəricisidir: “Texnologiya baxımından ən çox inkişaf etmiş xalqlar da internetin zərərli təsirindən sığortalanmayıb. Məsələn, yapon xalqı internetdən daha çox intihar üçün istifadə edir. Yaponiyada intihar milli mədəniyyətin tərkib hissəsidir və onlar adətən qrup halında intihara meyillidirlər. İnternet də bunun üçün vasitədir. Burada həmfikirlərini tapıb nə vaxt, harada intihar edəcəklərini bəyan edirlər. Və ya ərəb xalqları, qafqazlılar, Braziliya və Latın Amerikası xalqlarının internetdə daha çox azart oyunlara meyilli olduğunu görürük. Bu da həmin xalqların təbiətindəki çılğınlıqdan irəli gəlir. İnternet bir növ sosioloji tədqiqat obyektidir. Buradan xalqların özəlliklərini də öyrənmək olur”.

Adətən qınaq obyekti olan gənclərin isə bu məsələ ilə bağlı başqa fikirləri var. Bəziləri internetdə axtardığı informasiyaları çox zaman tapa bilmədiklərindən şikayətlənir: “Xarici dil bilgiləri olmayan adam üçün axtardığı informasiyanı tapmaq ümumiyyətlə problemdir. Oyunlarda və çatda isə belə bir çətinlik, dil baryeri yoxdur”.

Rasim Mahmudov bu fikrə şərikdir: “Bizdə informativ kontentlər arzuolunan səviyyədə deyil. Maarifləndirici saytların sayı çox azdır. Problemi həll etmək üçün mütləq müəyyən dövlət proqramları olmalıdır. Əgər azyaşlıların ziyanlı saytlara daxil olmasını istəmiriksə, onların internetə çıxışını bağlaya bilmərik ki. Alternativ və daha faydalı kontentlər təklif etməliyik. Bu işdə dövlət qurumları, vətəndaş cəmiyyəti fəalları, biznes qurumları hər biri maraqlı olmalıdır”.

Mahmudov texnoloji yeniliklərdən istifadədə bərabərsizliyi aradan qaldırmaq üçün yaşlı nəslin də kompüter bilgilərini, internetə marağını artırmağı vacib sayır. Çünki əsas bilgi daşıyıcıları yaşlı nəsildir. Onların internetə çıxışı təmin olunsa, nə qədər vacib informasiyalara çatım imkanı asanlaşar. Amma bu da var ki, bəzən yaşlı insanlarda texnologiyaya qarşı mühafizəkarlıq olur.

İctimai rəyə sosial şəbəkələrin təsirinə gəlincə, ekspert ərəb ölkələrində baş verən hadisələrdən çıxış edərək bildirdi ki, mətbuat kimi, internet, xüsusilə sosial şəbəkələr də cəmiyyətdəki ab-havaya, hətta siyasi proseslərə belə təsir edir. Amma təbii ki, sosial şəbəkələrin müsbət yönləri də var. Belə ki, insanlar öz maraq dairəsində olan həmfikirlərilə asanlıqla tanış olub fikir mübadiləsi aparırlar. Adi həyatda bu, çox çətin olsa da, internet məkan və zaman problemini həll edir, ünsiyyəti asanlaşdırır. Amma bu üstünlüklər bəzən insanlarda “internet asılılığı” formalaşdırır ki, bu da artıq bir xəstəlikdir. İnkişaf etmiş ölkələrin əhalisi bu problemdən daha çox əziyyət çəkir.

“Ayna” qəzeti

Advertisements

Bir şərh yazın

Heç bir şərh yoxdur.

Comments RSS TrackBack Identifier URI

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma